"Azərbaycanın enerji resurslarına Avropada günü-gündən artan tələbat göz qabağındadır"

İqtisadiyyat

25 İyun 2025, 17:47
"Azərbaycanın enerji resurslarına Avropada günü-gündən artan tələbat göz qabağındadır"
40

Enerji təhlükəsizliyi hər bir dövlət üçün olduqca mühüm strateji məsələlərdən biridir.  Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu siyasət nəticəsində enerji asılılığına son verməklə yanaşı, dünyada bu istiqamətdə aparıcı dövlətlərdən birinə çevrilmişdir. Bu baxımdan da, iyun ayının 24-də cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda müstəqillik dövründə həyata keçirilən ən böyük layihələrdən biridir. Bu elektrik stansiyasının istismara verilməsi Azərbaycanın energetika sahəsində həyata keçirdiyi mühüm layihə olmaqla yanaşı, davamlı inkişafın təmin olunması istiqamətində atılmış önəmli addımdır.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, müstəqil Azərbaycanın malik olduğu müstəqil elektrik enerji sisteminin əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası idi. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Buna baxmayaraq, keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlərin yaranmasına gətirib çıxarmışdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.

"8 Noyabr”  Elektrik Stansiyanın başa çatdırılmasında strateji tərəfdaşımız olan İtaliya və Çin şirkətlərinin də iştirak etməsi Azərbaycanın beynəlxalq münasibətlərdə həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir. Eyni zamanda, bu, Azərbaycanın həmin ölkələrlə yüksələn xətlə inkişaf edən münasibətlərinin daha bir göstəricisidir. Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük”. İtaliya və Azərbaycan arasında  energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və bir neçə ildir ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycanın enerji resurslarına Avropada günü-gündən artan tələbat göz qabağındadır. Bu, isə  ölkəmizdə elektroenergetika sahəsinin inkişafını daha da stimullaşdırır. Dünyada baş verən siyasi katakilizmlər, iqtisadi böhran fonunda Azərbaycanda dinamik inkişafı yüksələn xətlə davam edir. Azərbaycan özünün yerləşdiyi geosiyasi mövqeyindən səmərəli istifadə edərək yeni iqtisadi imkanlar təqdim etməklə yeni dünya nizamının aparıcı aktorlarından birinə çevrilib. İllər əvvəl təməli qoyulan iqtisadi layihələr və beynəlxalq tranzit marşrutların yaradılması bu gün ölkəmizin  dayanıqlı iqtisadiyyatının formalaşmasına təkan vermiş, Azərbaycanın dünyanın önəmli tranzit ölkələrindən birinə çevirilməsində mühüm rol oynamışdır. Əlbəttə, bütün bunların mərkəzində dövlətin həyata keçirdiyi qətiyyətli,  uğurlu xarici, daxili siyasət dayanır.

 

Qeyd etmək lazımdır ki, bu gün dünyada çətin və mürəkkəb siyasi proseslər baş verir. Azərbaycanın ətrafında demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır.  Azərbaycan müharibənin nə demək olduğunu çox yaxşı bilir. Ermənistan 30 ilə yaxın Azərbaycanın tarixi toraqlarını işğal altında saxlamışdır. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ermənistan nəinki Azərbaycanın yaşayış obyektlərini, şəhər və kəndləri atəş altında saxlayır,hətda, Mingəçevirə də raket zərbələri endirməkdən çəkinməmişdir. Məhz buna görə də elektrik stansiyasına cənab Prezident tərəfindən seçilən ad xüsusi rəmzi məna daşıyır. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurların göstəricisi olmaqla yanaşı, tarixi qələbəmizin də simvollarından birinə çevrilmişdir.

 

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çox oxunanlar