Prezident İlham Əliyev: “Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var”
Azərbaycan–Macarıstan diplomatik əlaqələrinin tarixi 1990-cı illərin əvvəllərinə, Sovet İttifaqının süqutundan sonra Azərbaycan Respublikasının müstəqillik qazanmasına gedib çıxır. 1992-ci il martın 27-də Azərbaycan Respublikası ilə Macarıstan arasında rəsmi olaraq diplomatik münasibətlər qurulub. Bu münasibətlərin qurulmasından sonra iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf etməyə başlayıb. 2007-ci ildə Azərbaycan Macarıstanda səfirlik açdı. 2010-cu ildə Macarıstan da Bakıda öz səfirliyini təsis etdi. Bu addımlar ikitərəfli münasibətlərin dərinləşməsinə imkan yaratdı. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi. Bu çərçivədə bir sıra sənədlər və anlaşmalar imzalandı: enerji, təhsil, mədəniyyət, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq genişləndi. Macarıstan, Azərbaycan qazının Avropaya nəqlini dəstəkləyən ölkələrdən biridir. Azərbaycan qazının Macarıstan bazarına çatdırılması ilə bağlı TAP və digər layihələr çərçivəsində əməkdaşlıq edilir. Macarıstan, “Stipendium Hungaricum” proqramı çərçivəsində hər il azərbaycanlı tələbələrə təqaüdlər ayırır. Həmçinin iki ölkə arasında mədəniyyət tədbirləri, sərgilər və elmi əməkdaşlıqlar davamlı olaraq keçirilir.
2023–2025-ci illərdə Prezident İlham Əliyevin Macarıstana səfərləri və Baş nazir Viktor Orbanın Azərbaycana cavab səfərləri münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Əməkdaşlıq sənədləri imzalanaraq əlaqələrin daha da möhkəmlənməsi istiqamətində addımlar atılıb. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə 20 may 2025-ci ildə Macarıstana işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə Viktor Orban ilə görüşüb. Görüşdə iki ölkə arasında enerji, mədəniyyət və turizm, ərzaq təhlükəsizliyi, miqrasiya və kosmos sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə altı sənəd imzalanıb. Bundan əlavə, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyanat qəbul edilib.
Səfər zamanı Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə Azərbaycan qazının Macarıstan bazarına ixracı məsələləri müzakirə edilib. Həmçinin, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən Macarıstanda təhsil almaq istəyən Azərbaycanlı tələbələr üçün 200 təqaüd ayrılması məsələsi də gündəmə gəlib.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxş ediblər. Prezident İlham Əliyev bəyanatında deyib ki, Macarıstana tez-tez gəlir: “Son dəfə 2023-cü ildə gəlmişəm. Siz də Azərbaycana tez-tez gəlirsiniz. Sizin son səfəriniz keçən ilin noyabr ayında olmuşdur. Yəni bu, onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir”.
Azərbaycan–Macarıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin uğurla inkişaf etməsində Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətinin xüsusi önəmi var. Bu gün Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında sıx siyasi dialoq mövcuddur. İki ölkə bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləyir. 2014-cü ildən etibarən münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Macarıstan bu sahədə əsas tərəfdaşlardan biridir. Azərbaycan qazının Macarıstan və digər Mərkəzi Avropa ölkələrinə çatdırılması məqsədilə yeni qaz dəhlizləri üzərində iş aparılır. 2023-cü ildə Macarıstan SOCAR-la uzunmüddətli qaz tədarükü barədə razılaşma imzalayıb.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi