"Beynəlxalq ictimaiyyətə açıq mesaj verilir: Qarabağ sülh, əməkdaşlıq məkanıdır"

Siyasət

06 İyul 2025, 10:37
"Beynəlxalq ictimaiyyətə açıq mesaj verilir: Qarabağ sülh, əməkdaşlıq məkanıdır"
534

İyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin rəhbərləri səviyyəsində Zirvənin keçirilməsi təşkilatın mütəmadi illik Zirvəsi olmaqla bərabər, həm də Azərbaycanın yaratdığı yeni geosiyasi reallığa yeni müstəvidən baxışdır. Bu, təkcə diplomatik əhəmiyyət daşıyan tədbir deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və inkişaf prosesinin dünyaya təqdimatıdır. Zirvə toplantısının məhz Xankəndidə keçirilməsi xüsusi siyasi, diplomatik və mənəvi məna daşıyır. Bu qərar təkcə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda təsdiqi deyil, həm də Qarabağın dirçəlişi və reinteqrasiyası prosesinin beynəlxalq dəstəklə həyata keçirildiyini göstərir. Sammit çərçivəsində Ağdamda Gənclər, Şuşada Biznes, Laçında Qadınlar Forumlarının təşkili Azərbaycanın bölgənin gələcəyinə verdiyi önəmi və inkluziv yanaşmasını bir daha nümayiş etdirir. Bu tədbirlər beynəlxalq ictimaiyyətə açıq mesajdır: Qarabağ sülh, əməkdaşlıq məkanıdır.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Millət vəkili T.Cəfərova qeyd edib ki, ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. 2020-ci ilə qədər ölkəmiz bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Lakin son 5 ildə bütün beynəlxalq tədbirlərdə olduğu kimi ECO toplantılarında da Azərbaycan qalib ölkə kimi təmsil olunur. Cənab Prezident 17-ci zirvə toplantısındakı çıxışında da əsas diqqəti işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəltdi. Bir daha bəyan olundu ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. İslam dəyərləri məqsədli şəkildə təhqir olunub. İşğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində zərər dəyib. Lakin son 5 ildir regionda yeni inkişaf dövrü başlayıb. Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilən sammitdə iqtisadi, sosial və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Üzv ölkələr bir daha regional maraqlara uyğun, çoxtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirdilər, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıldı. Yaşıl dəhlizlər, enerji və iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya,  mövcud geosiyasi şəraitdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri geniş müzakirə olundu. İnvestisiya əməkdaşlığının yeni səviyyəyə çatdırılması, daha şəffaf və cəlbedici investisiya mühitinin yaradılmasının vacibliyi vurğulandı. Dövlət başçımız həmçinin ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev çıxışında Azərbaycandakı müsbət sərmayə iqliminin olduğunu vurğulayaraq qeyd edib ki, “ Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.”
Zirvə görüşünün yalnız regional iqtisadi əməkdaşlığın inkişafı baxımından deyil, həm də strateji və siyasi əhəmiyyətinə görə xüsusi diqqətəlayiq olduğunu qeyd edən deputat onu da əlavə edib ki, bu sammit Qarabağın artıq münaqişə zonası deyil, əksinə, sülh, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq üçün sabit platformaya çevrildiyini göstərir: "Burada qəbul olunan qərarlar ancaq iştirakçı dövlətləri deyil, milyonlarla insanın həyatına təsir göstərə biləcək strateji əhəmiyyət daşıyır. Bu mənada, Xankəndi sammiti Azərbaycanın beynəlxalq subyekt kimi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir.

 
Millət vəkili vurğulayıb ki, bütün bunlar nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşən Azərbaycanın geosiyasi güc mərkəzinə çevrildiyinin əyani sübutudur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlət və hökümət başçıları səviyyəsində Xankəndi Zirvə Görüşündə iştirak etməsi Azərbaycanın sadəcə, Cənubi Qafqaz regionunda deyil eləcə də, Yaxın və Orta Şərqdə əsas aktorlardan birinə çevrildiyini göstərdi. Zirvə Görüşü çərçivəsində keçirilən ikitərəfli görüşlər, rəsmi və qeyri-rəsmi ünsiyyət, xarici və daxili auditoriyaya verilən mesajlar Prezident İlham Əliyevin beynəlxalq siyasi arenada nüfuzunun və qətiyyətli mövqeyinin bir daha əyani sübutu oldu. Millət vəkili Tamam Cəfərova belə deyib.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çox oxunanlar