2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində keçirilən Türkmənistan–Azərbaycan–Özbəkistan yüksəksəviyyəli görüşü türkdilli dövlətlərin əməkdaşlığında yeni səhifə açdı. Zirvənin yekununda çıxış edən Prezident İlham Əliyev bu günü “tarixi gün” adlandıraraq üç qardaş ölkənin gələcəyə birlikdə addımladığını vurğuladı. Avaza şəhərində keçirilmiş yüksəksəviyyəli görüş qardaşlıqdan strateji tərəfdaşlığa doğru atılmış mühüm addım kimi yadda qaldı. Beləki, Türkmənistan, Azərbaycan və Özbəkistan əsrlərin sınağından çıxmış ortaq dəyərlərə malikdir. Bu görüş həmin dəyərləri kağız üzərində deyil, əməli addımlarla möhkəmləndirdi. Füzuli ilə Arxadağ şəhərinin qardaşlaşması, Özbəkistanın Qarabağda məktəb və fabrik layihələri, Türkmənistanın məscid hədiyyəsi – bunlar ölkələrimiz arasında qardaşlığın sözdə deyil əməldə olduğunun əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, bu əməkdaşlıq yalnız diplomatik bəyanatlar deyil, xalqın gündəlik həyatına toxunan real layihələrdir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Türkmənistanla Azərbaycanın mövqeyi üst-üstə düşür. Bu barədə cənab Prezident çıxışında xüsusilə vurğulayıb: “Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək”. Bu mesaj yalnız diplomatik jest deyil, Azərbaycan və Türkmənistan arasında yaranmış qarşılıqlı etimadın, strateji baxışların üst-üstə düşməsinin ən aydın ifadəsidir.