Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının prinsiplərinə əsaslanan siyasi sabitlik, sosial rifah və milli həmrəylik siyasəti ardıcıl şəkildə həyata keçirilir
Hər bir müstəqil dövlətin mövcudluğunun, onun hüquqi, siyasi və ictimai həyatının əsasını təşkil edən başlıca sənəd – Konstitusiya, dövlətin suverenliyinin, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır. Azərbaycan xalqı üçün 12 Noyabr tarixi xüsusi əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ölkəmizin demokratik inkişaf yolunda mühüm dönüş nöqtəsinə çevrildi. Həmin gün bu gün də Konstitusiya Günü kimi böyük qürur və ehtiramla qeyd olunur.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ölkəmizin müstəqilliyini hüquqi cəhətdən təsbit etdi. Bu sənəddə müstəqil dövlətin gələcək inkişafını təmin etmək üçün yeni Konstitusiyanın hazırlanması da nəzərdə tutulurdu. Lakin 1991–1993-cü illərdə ölkədəki dərin siyasi böhran, hakimiyyətin yarıtmaz fəaliyyəti və idarəçilikdəki xaos nəticəsində bu vəzifə yerinə yetirilmədi. Həmin dövrdə dövlət idarəçiliyi sistemi demək olar ki, iflic vəziyyətinə düşmüş, qanunçuluq prinsipləri pozulmuş, iqtisadi tənəzzül və siyasi anarxiya hökm sürmüşdür. Vətəndaşların azad və təhlükəsiz yaşamaq hüquqları təmin olunmurdu. Cəmiyyətin bütün sahələrində böhran getdikcə dərinləşirdi. Belə bir şəraitdə yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi mümkün deyildi.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində bu təhlükəli proseslərin qarşısı alındı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, hüquq və ədalət prinsipləri möhkəmləndirildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanmasını müstəqil dövlət quruculuğunun əsas mərhələsi hesab edirdi. O demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Məhz bu prinsip əsasında 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın tərkibinə hüquqşünaslar, ictimai-siyasi xadimlər və müxtəlif sahələrin mütəxəssisləri daxil idi. Geniş ictimai müzakirələr aparıldı, minlərlə vətəndaş təkliflərini təqdim etdi. Bu, xalqın iradəsinə əsaslanan demokratik Konstitusiyanın yaradılmasına imkan verdi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin ilk müstəqil Konstitusiyası oldu. Bu sənəd Azərbaycan xalqının suveren iradəsini ifadə etdi və dövlətin hüquqi, siyasi, iqtisadi əsaslarını müəyyənləşdirdi. Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. O, aşağıdakı əsas prinsipləri təsbit etdi: Dövlət müstəqilliyi və suverenliyi; Demokratik, hüquqi və dünyəvi dövlət quruluşu; Hakimiyyət bölgüsü prinsipi (qanunvericilik, icra və məhkəmə hakimiyyəti); İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı;Xalq hakimiyyəti – dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması. Azərbaycan Respublikasının Konstitusiyası həm də ölkədə müasir hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas hüquqi bazasını yaratdı.
Konstitusiya qəbul olunduqdan sonra ölkəmizdə bütün qanunvericilik sistemi onun prinsiplərinə uyğun şəkildə formalaşdırıldı. Sonrakı illərdə (2002, 2009, 2016-cı illərdə) qəbul edilmiş konstitusiya islahatları ölkənin siyasi idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının daha da gücləndirilməsinə xidmət etdi.