2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti və dövlətin siyasi iradəsi nəticəsində Ağdam zəfər yolu ilə azad edildi
Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsi təkcə torpaqların azad edilməsi ilə nəticələnmədi. Bu müharibə Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq, birlik və milli həmrəylik nümunəsi kimi əbədi silinməz iz qoydu. Qarabağın qədim şəhərlərindən olan Ağdamın azad edilməsi isə bu zəfərin ən mühüm mərhələlərindən biri oldu.
20 Noyabr – Ağdam şəhəri günü həmin tarixi hadisənin, qələbənin və bu qələbəni təmin edən igidlərin xatirəsini yaşadan əlamətdar gündür. Bu gün Ağdamın keçmişini yada salmaq, bu torpağın Azərbaycan üçün əhəmiyyətini vurğulamaq və gələcəyinə işıq tutmaq baxımından xüsusi dəyər daşıyır. Ağdam rayonu 1930-cu ildə yaradılan sadəcə inzibati vahid deyil — bu torpaq Azərbaycanın tarixi irsinin, Qarabağın ruhunun, mədəniyyətin və Vətən sevgisinin daşıyıcısıdır.
1993-cü ilin yay ayları Qarabağ müharibəsinin ən qanlı dövrlərindən biri idi. Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində geniş hücuma keçərək, rayonu əməliyyat cəbhəsinə çevirdilər. Bütün qüvvələrini səfərbər edən Ağdamın müdafiəçiləri böyük qəhrəmanlıq göstərsələr də, ağır silah və xarici dəstək alan işğalçı qüvvələr qarşısında bölgə böyük itkilər verdi. Nəticədə 1993-cü il 23 iyul — Ağdam rayonunun 73 faizi işğal edildi. Bu işğalın miqyası və yaratdığı faciə Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri hesab olunur. Ərazinin böyük hissəsi düşmən nəzarətinə keçdi. 1094 kvadrat kilometr ərazisi olan Ağdam rayonunun 882 kvadrat kilometri, rayon mərkəzi də daxil olmaqla 90 kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu, təkcə xəritədə bir ərazinin itirilməsi deyildi. Bu, Ağdamın bütün infrastrukturu, tarixi-mədəni irsi və əhalisinin taleyinin dəyişməsi demək idi.
İşğal Ağdamda böyük bir humanitar dəhşət yaratdı; 128 min insan öz doğma yurdundan zorla didərgin salındı. Əhali Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdırıldı. Bir göz qırpımında öz həyatı, torpağı, evi, malı, həyatı dağılan insanlar illərlə çadır şəhərciklərində ağır şəraitdə yaşamağa məcbur oldular. Bu, təkcə fiziki deyil, eyni zamanda mənəvi bir faciə idi. Ağdam təkcə yaşayış məskəni yox, həm də Azərbaycan mədəniyyətinin önəmli mərkəzlərindən biri idi. İşğal həm insanları, həm tarixi, həm də mədəniyyətin özünü hədəf aldı. İşğal nəticəsində 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə, 99 klub, dünyada yeganə olan Çörək Muzeyi tamamilə dağıdıldı və talan edildi. Ağdam Çörək Muzeyi bəşəriyyətin ən unikal mədəniyyət nümunələrindən biri olsa da, işğalçı qüvvələr tərəfindən yandırıldı və yerlə-yeksan edildi. Bu əsl mədəni vandalizmin bariz nümunəsi idi. İnsani itkilər daha ağır idi. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan inanılmaz itkilər verdi: 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. Şəhidlər arasında hərbçilərlə yanaşı, qadınlar, uşaqlar, yaşlılar da var idi. Ağdam Azərbaycan üçün həm qəhrəmanlıq, həm də böyük ağrı yeri oldu. İşğaldan sonra Ağdamın mənzərəsi dünyada şəhər məhv edilməsinin ən dəhşətli nümunələrindən biri kimi yadda qaldı. Şəhər tamamilə dağıdılmış, evlər yer üzündən silinmiş, məscidlər təhqir edilmiş, qəbiristanlıqlar dağıdılmışdı. Bu, yalnız müharibə yox, sistematik vandalizmin nəticəsi idi.
2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti və dövlətin siyasi iradəsi nəticəsində Ağdam zəfər yolu ilə azad edildi. Bu dəfə rayon döyüşlə deyil, siyasi qələbə nəticəsində Azərbaycana qaytarıldı. Bu qələbəni mümkün edənlər isə məhz “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunan minlərlə igid döyüşçü idi. “Ağdamın azad olunmasına görə” medalı Azərbaycan tarixində xüsusi yer tutan dövlət təltiflərindən biridir. Bu medal həm Vətən müharibəsində göstərilən qəhrəmanlığın, həm də Ağdamın azad olunması kimi strateji qələbənin əbədiləşdirilməsidir.