Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri, onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü və iyulun 1-də mətbuata bəyanatlarla çıxışları həm ölkə, həm region, həm də beynəlxalq siyasi kuluarlarda, mətbuatda diqqət mərkəzində olan və ən çox müzakirə olunan xəbərlərdəndir.
Son dövlər Bakı ilə Brüssel arasında müşahidə olunan siyasi dinamika göstərir ki, Azərbaycan–Avropa İttifaqı qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər münasibətləri artıq təkcə enerji əməkdaşlığı üzərində deyil, həm də regional təhlükəsizlik, nəqliyyat, rəqəmsal əlaqələr və iqtisadi inteqrasiya üzərində qurmağı nəzərdə tuturlar.
2022-ci ildən sonra baş verən bu kifayət qədər ciddi dəyişikliyi, Avropa İttifaqının regiona yeni yanaşmasını üç əsas amillə əlaqələndirmək mümkündür:
Göründüyü kimi, bu və digər səbəblər Aİ-nin Cənubi Qafqaz siyasətində prioritet dəyişikliyinə ciddi təsir etdi. Bu baxımdan Bakı görüşü Aİ-nin Azərbaycanı artıq yalnız enerji tərəfdaşı deyil, Avrasiya bağlantı siyasətinin əsas düyün nöqtəsi kimi gördüyünü nümayiş etdirir.
Ən diqqətçəkən məqamlardan biri Ursula fon der Lyayenin öz çıxışında Azərbaycanın Cənubi Qafqazda sabitlik yaradan əsas aktorlardan biri olduğunu açıq şəkildə vurğulaması idi. O bildirdi ki, Azərbaycan regionun Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən əsas ölkəsidir. Bu, əvvəlki illərlə müqayisədə daha fərqli siyasi ritorikadır. Bir neçə il əvvəl Aİ-Azərbaycan münasibətlərində insan hüquqları və demokratik institutlar daha çox ön plana çıxarılırdısa, hazırda təhlükəsizlik, enerji və geosiyasi əməkdaşlıq əsas gündəmə çevrilib.
Əlbəttə ki, unutmaq olmaz ki, bu proseslərdə mühüm amillərldən biri də Azərbaycanın sərgilədiyi çevik və çoxvektorlu xarici siyasət, oturuşmuş güclü regional mövqe oldu. Yəni Azərbaycanın “balanslaşdırıcı dövlət” modeli onu, regionda Aİ üçün əhəmiyyətli və dayanıqlı bir mütəffiq etdi.
Ölkəmizin başçısı İlham Əliyevin bəyanatlarında, Azərbaycan özünü Qərb və Şərq arasında körpü kimi təqdim etməsi diqqət çəkir Bu isə, artıq Azərbaycanın klassik “kiçik dövlət” deyil, regional vasitəçi və tranzit mərkəzi rolunun təzahürüdür.
Təbii ki, Aİ-Azərbaycan münasibətlərində “enerji” yenə də bu əməkdaşlığın əsas seqmenti, sütunu olaraq qalır. Bunu diqqət mərkəzinə gətirən Fon der Lyayen Rusiyanın enerji təzyiqi dövründə Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu xüsusi vurğuladı. Həmçinin, əməkdaşlığın artıq yalnız təbii qazla məhdudlaşmayacağını, Xəzərdə külək enerjisi, yaşıl elektrik və enerji dəhlizləri istiqamətində də genişlənəcəyini açıqladı.
Bu isə Azərbaycanın gələcəkdə, yaşıl enerji ixracatçısına çevrilməsi, Avropaya elektrik enerjisi ötürən əsas ölkələrdən biri olması, Cənub Qaz Dəhlizinin yeni mərhələsinin formalaşması deməkdir.
Səfərin ən mühüm nəticələrindən biri də Avropa Komissiyasının elan etdiyi "Peace through Connectivity" ("Sülh vasitəsilə bağlantı") təşəbbüsü oldu. Bu paket çərçivəsində 2 milyard avroya qədər investisiyanın cəlbi, dəmir yolları, avtomobil yolları, limanlar, rəqəmsal kommunikasiya, enerji infrastrukturu və s. üzrə layihələrin maliyyələşdirilməsi planlaşdırılır.
Növbəti diqqəti çəkən məqam, Avropa İttifaqı ilk dəfə olaraq . Ermənistan-Azərbaycan sülh prosesinə dəstək olaraq, sülh müqaviləsindən sonrakı dövr üçün konkret maliyyə paketi elan etdi. Bu proqram mina təmizlənməsi, səhiyyə, sərhəd bölgələrinin inkişafı və s. kimi sahələri əhatə edəcək.
Göründüyü, Aİ-nin artıq yalnız vasitəçi deyil, həm də sülhün iqtisadi təminatçısı olmaq istədiyini göstərir.
Sonda isə, böyük simvolik əhəmiyyəti olan bu yüksək səviyyəsli görüşün, səfərin, siyasi mesajı və artıq formalaşmaqda olan yeni siyasi konfiqurasiyaya, beynəlxalq münasibətlərə gözlənilən təsiri barədə aşağıdakıları qeyd etmək olar:
-Artıq Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artığı, başqa sözlə desək, Avropanın daha çox Azərbaycana ehtiyacının duyulduğu aydın müşahidə olunur. - Rusiya-Ukrayna müharibəsindən sonra alternativ marşrutların aktuallaşdığı və hətta həyatı əhəmiyyət kəsb etdiyini söyləmək mümkündür.
- Mərkəzi Asiya ilə əlaqələr üçün Orta Dəhliz prioritetə çevrilir
- Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələ formalaşdığı artıq bir faktdır. .
Əlbəttə ki, belə bir şərtlər, tələblər çərçivəsində Avropa Komissiyası rəhbərinin Bakıya səfəri, etdiyi açıqlamaları Azərbaycanın regionun əsas geosiyasi oyunçularından biri kimi qəbul edilməsinin göstəricisi hesab etmək olar.
Bu səfər göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri, yuxarıda qeyd edilən kimi, artıq yalnız qaz tədarükü ilə məhdudlaşmır. Əməkdaşlıq enerji, nəqliyyat, rəqəmsal bağlantı, regional sabitlik, yaşıl enerji və iqtisadi inteqrasiyanı əhatə edən daha geniş strateji çərçivəyə keçir. Əgər elan olunan təşəbbüslər praktik layihələrə çevrilərsə, bu, həm Azərbaycanın beynəlxalq mövqeyini gücləndirə, həm də Cənubi Qafqazın Avropa ilə iqtisadi və nəqliyyat əlaqələrini yeni səviyyəyə qaldıra bilər. Bununla yanaşı, bu perspektivlərin reallaşması regiondakı siyasi sabitliyin qorunmasından və tərəflərin öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.
Əhməd N. Abbasbəyli
Siyasi şərhçi