Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Özbəkistan amili

Siyasət

26 Avqust 2026, 00:25
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Özbəkistan amili
1

Prezident İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur”

 Azərbaycan və Özbəkistan arasında əsrlərin sınağından keçmiş tarixi, mədəni və mənəvi bağlar müasir dövrdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə daha da möhkəmlənir. Ortaq türk kökləri, zəngin mədəni irs, qarşılıqlı siyasi etimad və dövlət başçılarının iradəsi iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə dinamik inkişafına geniş imkanlar açır. Bu gün Bakı ilə Daşkənd arasındakı münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri bu münasibətlərin inkişafında növbəti mühüm mərhələ oldu.

 Azərbaycan və Özbəkistanın strateji əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat və tranzit sahəsidir. Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin imkanlarının genişləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Tərəflər Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında son illərdə yaranmış yeni əməkdaşlıq modeli yalnız ayrı-ayrı ölkələrin ikitərəfli münasibətləri ilə məhdudlaşmır, daha geniş regional inteqrasiya proseslərinin əsasını formalaşdırır. Prezident İlham Əliyevin səsləndirdiyi fikir də məhz bu reallığı ifadə edir: “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur”. Bu yanaşma Azərbaycan və Mərkəzi Asiyanın qarşılıqlı əlaqələrinə yeni baxışın formalaşdığını göstərir. Prezident İlham Əliyevin fikrincə, artıq kifayət qədər inteqrasiya olunmuş bu regionun gələcək inkişafında Azərbaycan–Özbəkistan münasibətləri xüsusi rol oynayır. Səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi, mühüm sənədlərin imzalanması və müxtəlif sahələr üzrə yeni layihələrin müəyyənləşdirilməsi də bu strateji yanaşmanın praktiki ifadəsi oldu.

 Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm dayaqlarından biri də xalqlar arasında tarixi-mədəni yaxınlıqdır. Səfər çərçivəsində bu istiqamətdə də bir sıra mühüm təşəbbüslər irəli sürüldü. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev iştirak etdilər. Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması da iki xalqın dostluğunun simvolik ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Özbəkistanın böyük klassikləri Nizami Gəncəvi və Əlişir Nəvainin irsinin təbliği də xüsusi diqqət mərkəzində oldu. İki böyük şairin yaradıcılığına həsr olunmuş birgə bədii filmin hazırlanması barədə razılıq əldə edildi. Bundan əlavə, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, universitet rektorlarının forumlarının davam etdirilməsi və gənclər arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri yalnız dövlətlər və hökumətlər səviyyəsində deyil, xalqlar, şəhərlər, universitetlər, gənclər və yaradıcı insanlar arasında da dərinləşir.

 Gənclər və idman sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Azərbaycan və Özbəkistan gələn il gənclər arasında futbol üzrə dünya çempionatına birlikdə ev sahibliyi edəcəklər. Bu mühüm beynəlxalq idman tədbiri ətrafında “İki ölkə – bir çempionat” adlı genişmiqyaslı proqramın həyata keçirilməsi təklif olunub. Bu təşəbbüs idmanı yalnız yarış meydanı kimi deyil, iki ölkənin gəncləri arasında dostluğun və qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsi vasitəsi kimi nəzərdən keçirir. Eyni zamanda Azərbaycan–Özbəkistan İdman Oyunlarının yaradılması ideyası da irəli sürülüb. Səfərin daha geniş geosiyasi əhəmiyyəti də var.

 Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpasında Özbəkistanın fəal iştirakıdır. Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd etdi. Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr iki ölkə arasındakı qardaşlıq münasibətlərinin konkret əməli nümunələridir. Bu əməkdaşlıq Azərbaycan üçün yalnız iqtisadi əhəmiyyət daşımır. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında dost və qardaş dövlətlərin iştirakı həmrəylik və qarşılıqlı etimadın mühüm göstəricisidir.

 23 avqust 2026-cı il səfərinin nəticələri göstərir ki, Azərbaycan və Özbəkistan artıq yalnız “qardaş ölkələr” adlandırılan dövlətlər deyil, bu qardaşlığı real layihələr, qarşılıqlı sərmayələr, ortaq təşəbbüslər və uzunmüddətli strateji qərarlarla möhkəmləndirən tərəfdaşlardır. Daşkənddə imzalanan sənədlər və əldə olunan razılaşmalar isə bu münasibətlərin növbəti illərdə daha da dərinləşməsi üçün möhkəm hüquqi və praktiki baza yaradır. 

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin