Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bu qəzet maarifçilik ideyalarını əsas missiya seçərək xalqı elmə, savada və düşüncəyə səsləyirdi. Hər səhifəsi bir çağırış, hər yazısı bir oyanış olan “Əkinçi” qısa müddətdə həm ziyalılar arasında, həm də sadə oxucuların qəlbində özünə yer qazandı. Təəssüf ki, bu fəaliyyət uzun sürmədi. Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə nüfuz etməsindən ehtiyatlanaraq maneələr yaratdı və sonda onun nəşri dayandırıldı. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər.
Bildiyimiz kimi, Azərbaycan milli mətbuatı uzun və şərəfli yol keçərək müxtəlif tarixi dövrlərin sınaqlarından çıxıb, zamanla güclənərək bugünkü inkişaf səviyyəsinə çatıb. Bu inkişafın müasir mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra mətbuatın azad və müstəqil inkişafına geniş imkanlar yaradıldı. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının qorunması və peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü.
Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir.
Onu da qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında mühüm rol oynayıb. Həmkarlarım Qarabağla bağlı tarixi həqiqətlərin, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərin və vandallığın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bu gün də yorulmadan fəaliyyətlərini davam etdirirlər.