Dmitri Şolomitski: “Biz Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında formalaşmış dostluğun yaratdığı müsbət tendensiyaların gələcəkdə də qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə çalışmalıyıq”
Belarusun “Xüsusi İnkişaflar Mərkəzi” MMC-nin direktoru Dmitri Valeryeviç Şolomitski ilə müsahibəni təqdim edirik.
– Dmitri Valeryeviç, zəhmət olmasa, “Xüsusi İnkişaflar Mərkəzi” şirkəti haqqında məlumat verərdiniz. Bu gün şirkətin əsas fəaliyyət istiqamətləri hansılardır?
– “Xüsusi İnkişaflar Mərkəzi” MMC (bundan sonra – XİM) gənc şirkətdir. Şirkət süni intellekt (bundan sonra – Sİ) texnologiyaları, istənilən mürəkkəblikdə proqram təminatının hazırlanması, kriptovalyuta sənayesi və ümumilikdə maliyyə texnologiyaları ilə bağlı texnologiyaların işlənib hazırlanması, robototexnika və bütün bu texnologiyaların real iqtisadi sektorda tətbiqinə yönəlmiş çoxsaylı şirkətləri birləşdirir və onların fəaliyyətini əlaqələndirir. Şirkət həm Belarus Respublikasının Yüksək Texnologiyalar Parkının (YTP) rezidentlərini, həm də YTP-yə daxil olmayan şirkətləri öz ətrafında birləşdirir. XİM Belarus Milli Elmlər Akademiyası (MEA) və onun struktur bölməsi olan, Sİ texnologiyalarının hazırlanmasının əsas mərkəzlərindən biri sayılan Birləşmiş İnformatika Problemləri İnstitutu ilə fəal əməkdaşlıq edir. Biz həmçinin Belarus Respublikasında M.AI.N. Community platformasının inkişafını fəal şəkildə dəstəkləyirik. Bu icma süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan mütəxəssisləri, eləcə də artıq Sİ əsaslı məhsul və texnologiyaları praktikada tətbiq etmiş iri bizneslərin rəhbərlərini və sahiblərini bir araya gətirir. Onlar bu texnologiyaların real tətbiqi ilə bağlı öz praktiki təcrübələrini bölüşürlər.
XİM Sİ texnologiyalarına nəzarət məsələsinin vacibliyini də fəal şəkildə gündəmə gətirir və bu istiqamətdə sistemli şəkildə təkliflər irəli sürür. Bütün bunlar yaxın zamanda Belarus Respublikasının Mədəniyyət naziri Marat Sergeyeviç Markova verdiyim müsahibədə də öz əksini tapıb.
– Hazırda şirkətinizdə hansı texnologiya və istiqamətlər daha fəal inkişaf etdirilir?
– İnkişaf etdirdiyimiz istiqamətlərdən biri böyük həcmli məlumatlarla işləmək, eləcə də bu məlumatlar üzərində real sektorun əhəmiyyətli problemlərinin həllinə kömək edən dar ixtisaslaşmış süni intellekt modellərindən istifadə imkanlarının araşdırılmasıdır. Buna nümunə kimi nitq analizatorunu və ya keçirilən müşavirələrin analiz sistemini göstərmək olar. İri istehsal müəssisələrində keçirilən müşavirələr zamanı Sİ qəbul edilən bütün qərarları izləyə, onların icra müddətlərinə nəzarət edə, konkret icraçıları müəyyənləşdirə, onlara tövsiyələr verə və son tarixləri xatırlada, hətta qarşıya qoyulan vəzifələrin həlli ilə bağlı təkliflər irəli sürə bilər. Digər istiqamət böyük həcmli vizual məlumat axınlarının emalıdır. Burada məqsəd böyük video axınında konkret məsələləri müəyyənləşdirmək və onları həll etməkdir. Məsələn, kənd təsərrüfatında video görüntülər əsasında heyvanın xəstəlik dərəcəsini, kifayət qədər yemlənib-yemlənmədiyini, baytar tərəfindən müalicə prosesinin necə aparıldığını və digər göstəriciləri müəyyən etmək mümkündür. Biz müxtəlif istiqamətlər üzrə çalışırıq və əsas məqsədimiz süni intellekt modellərinin konkret sahələrdə praktiki tətbiqinə nail olmaqdır.
– Sizcə, Belarusda innovasiya və mühəndislik mühitinin daha da inkişaf etdirilməsi üçün nə etmək lazımdır?
– Mənim fikrimcə, dövlətimizin lideri, Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun qarşıya qoyduğu bütün vəzifələrin həyata keçirilməsinə fədakarlıqla yanaşmaq lazımdır. Onun əsas vəzifələrindən biri bu gün real dünyada tələb olunan və bazarın daim ehtiyac duyduğu bütün tətbiqi bilik sahələrinin vaxtında inkişaf etdirilməsidir. Eyni zamanda Prezident bütün bu illər ərzində əldə etdiyimiz, o cümlədən sovet dövründən miras qalmış bilik və təcrübənin qorunub saxlanılmasına xüsusi diqqət yetirir.
Belarus Respublikasının Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası Prezidentin tapşırıqları çərçivəsində bu istiqamətdə fəal fəaliyyət göstərirlər. Ölkə rəhbərliyi daim vurğulayır ki, uğurlu gələcəyin əsas təminatı insanın öz üzərində davamlı çalışması, ali təhsil alması, elmi araşdırmalar aparması, startap hərəkatlarının inkişafı və digər bu kimi istiqamətlərdir. Bu məsələdə həm geniş biznes dairələri, həm də dövlət gəncləri fəal şəkildə stimullaşdırır və onları yeni ideyaların yaradılması prosesinə cəlb edir. Biz hakimiyyət institutlarımıza bu istiqamətdə fəaliyyətin dayandırılmamasına görə daim minnətdarıq. Tədqiqatların aparılması, eləcə də yeni ideyaların real iqtisadi sektorda tətbiqi üçün əhəmiyyətli maliyyə vəsaitləri ayrılır. O cümlədən Prezidentimizin həyata keçirdiyi siyasət sayəsində Belarus Respublikasında insanların həyat fəaliyyəti ilə bağlı demək olar ki, bütün sahələrdə qabaqcıl və innovativ texnologiyalar mövcuddur. Məsələn, biz aqrodronların istehsalı üzrə dünyanın ən yaxşı zavodlarından birinə sahibik və sair.

– Təşkilat olaraq Azərbaycan və Belarus arasında münasibətlərin inkişafına hansı töhfəni verirsiniz?
– Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Leonidoviç Pineviçin səyləri nəticəsində biz iqtisadi əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərimizin möhkəmləndirilməsi məqsədilə iri biznes nümayəndələri ilə mütəmadi olaraq müxtəlif görüşlər və danışıqlar keçiririk. Fürsətdən istifadə edərək hər iki ölkənin Liderlərinin – Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun xüsusi rolunu qeyd etmək istərdim. Liderlərimizin münasibətləri elə bir tendensiya formalaşdırır ki, biz bir-birimizin iqtisadiyyatına maksimum inteqrasiya etməli, yeni yüksək texnologiyalı istehsal sahələrinin yaradılmasına və ümumilikdə idxalın əvəzlənməsinə dəstək verməliyik.
Belarus Respublikasında maşınqayırma, kənd təsərrüfatı, proqramlaşdırma və tibb sahələri, eləcə də yerli resurslar əsasında istehsal müəssisələrinin yaradılması istiqamətləri kifayət qədər inkişaf edib. Təbii ki, Belarus Respublikasının vətəndaşı kimi bütün Belarus məhsullarının və texnologiyalarının Azərbaycana gətirilməsində maksimum maraqlıyam. Lakin hazırda əsas diqqətimi süni intellekt texnologiyaları sahəsində fərdi sifarişlərin həyata keçirilməsinə və onların Belarus Respublikasının real iqtisadi sektorunda tətbiqi ilə bağlı məsləhət xidmətlərinə yönəltmişəm. Planlarımız arasında M.AI.N. Community platformasını Azərbaycanda da inkişaf etdirmək, tanınmış və gənc azərbaycanlı sənətçilərin iştirakı ilə Belarus mədəniyyəti günləri keçirmək, bir neçə yerli istehsal müəssisəsi yaratmaq və beynəlxalq investisiyalar cəlb etmək var.

– Sentyabrın 28-də Minskdə Diaspor Fəaliyyətində Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilə görüşünüz keçirilib. Bu görüşü necə qiymətləndirirsiniz? Görüş zamanı əsasən hansı məsələlər müzakirə olunub?
– Diaspor Fəaliyyətində Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilə görüşümüz ən yüksək səviyyədə keçdi. Biz onunla əməkdaşlığımız və dostluğumuzla fəxr edirik. Fuad Hüseynzadənin yüksək səviyyəli biliyi və iki ölkənin tarixinə dərindən bələd olması xalqlarımız arasında dostluğun daim qorunub saxlanılacağından, tarixi yaddaşın isə nəsillər tərəfindən heç vaxt unudulmayacağından xəbər verir.

– İnnovasiya sahəsində fəaliyyət göstərən iki ölkənin sahibkarları və təşkilatları arasında birgə layihələrin həyata keçirilməsi üçün hansı imkanlar mövcuddur?
– Bu istiqamətdə hər iki ölkənin hökumətlərinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Dövlətlərin təqdim etdiyi yardım və güzəştlərdən istifadə etməklə inkişaf etmək üçün kifayət qədər imkanlar mövcuddur. Məsələn, Belarus Respublikasında İT məhsullarının inkişafı ilə məşğul olan hər bir şirkət xüsusi vergi rejiminin tətbiq olunduğu Yüksək Texnologiyalar Parkının üzvü olmaq hüququna malikdir. Mənim bildiyimə görə, Azərbaycan Respublikasında da belə xüsusi iqtisadi zonalar mövcuddur. Başqa sözlə, imkanlar kifayət qədərdir. Əsas məsələ bu istiqamətdə ilk addımı atmaqdır.

– Azərbaycan və Belarus arasında qeyri-hökumət təşkilatları, KİV-lər və biznes strukturları səviyyəsində əlaqələrin genişləndirilməsi üçün, sizin fikrinizcə, hansı yeni platformalar yaradıla bilər?
– Biz qardaş xalqlarımız arasında artıq formalaşmış münasibətləri daim möhkəmləndirməli və unutmamalıyıq ki, Liderlərimizin dostluğu qardaşlıq prinsipləri, qarşılıqlı hörmət, dəstək, açıqlıq, bərabərlik və məqsədəuyğunluq üzərində qurulub. Biz artıq əldə etdiyimiz bütün nailiyyətləri unutmamalı və illər ərzində formalaşdırdığımız iqtisadi potensialı daha da gücləndirməliyik. İstərdim ki, gəncləri ölkələrimiz arasında inteqrasiya prosesinə maksimum dərəcədə cəlb edək və elmi təcrübə mübadiləsini mümkün qədər genişləndirək. Məncə, Azərbaycan Respublikasının süni intellekt həllərinin inkişafına və tətbiqinə nəzarət məsələsinə xüsusi diqqət yetirməsi olduqca müsbət addım olardı. Əhəmiyyətli addımlardan biri Belarus Respublikasının bu sahədəki təcrübəsinin Azərbaycan Respublikasının neft-kimya kompleksində tətbiqinə imkan yaradılması ola bilər. Platformalardan biri, məsələn, iki ölkənin real iqtisadi sektorunda süni intellekt texnologiyalarının tətbiqindən bəhs edən və müsbət və ya mənfi tendensiyaların müqayisəli təhlilini aparan birgə informasiya platforması ola bilər. Belarus Dövlət Universiteti və ya Bakı Dövlət Universitetinin bazasında birgə institutun yaradılması da mümkündür. Bundan əlavə, müxtəlif xəstəliklərin müalicəsinə innovativ texnologiyaların tətbiqi ilə bağlı yanaşmaları əks etdirən vahid tibbi platforma yaratmaq olar. Yəni platformaların sayı kifayət qədər çox ola bilər. Əsas məsələ tarixi yaddaşımızın bizə diktə etdiyi həqiqəti unutmamaqdır: qardaş xalqlarımız arasında dostluq bütün çətinliklərə və xaricdən göstərilən təzyiqlərə baxmayaraq, ildən-ilə daha da möhkəmlənməlidir.
Biz Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında formalaşmış dostluğun yaratdığı müsbət tendensiyaların gələcəkdə də qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə çalışmalıyıq.