Azərbaycan tarixində elə günlər var ki, təkcə bir tarixi hadisəni deyil, bütöv bir mərhələnin başlanğıcını ifadə edir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar günlərdəndir. Bu tarix xalqın taleyində dönüş nöqtəsi kimi yadda qalmış, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələnin əsasını qoymuşdur.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ağır sınaqlarla üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı, iqtisadi böhran, idarəetmədə təcrübəsizlik və daxili siyasi çəkişmələr ölkəni ciddi böhrana sürükləmişdi.
1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü dövlət idarəçiliyində zəiflik göstərir, ölkədə sabitliyi təmin edə bilmirdi. Silahlı dəstələrin nəzarətsiz fəaliyyəti, mərkəzi hakimiyyətə tabe olmayan qüvvələrin güclənməsi və regionlarda separat meyillərin artması Azərbaycanı vətəndaş qarşıdurması həddinə gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Bu fikir 1992–1993-cü illərdə ölkədə mövcud olan mürəkkəb siyasi vəziyyəti, həm daxili, həm də xarici təzyiqlərin yaratdığı təhlükəni aydın şəkildə əks etdirir.
1993-cü ilin iyun hadisələri – Gəncə qiyamı – ölkədə vəziyyəti daha da gərginləşdirdi. Dövlət çevrilişi təhlükəsi real xarakter almış, hakimiyyət isə bu proseslərin qarşısını almaqda aciz qalmışdı. Dövlətçilik anlayışından uzaq, şəxsi maraqları üstün tutan bəzi qüvvələr silahlı birləşmələrdən öz məqsədləri üçün istifadə edir, ölkəni uçuruma aparırdılar. Belə bir məqamda xalq çıxış yolunu güclü siyasi iradəyə, təcrübəyə və dövlətçilik məktəbinə malik liderin hakimiyyətə qayıdışında görürdü. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev artıq siyasi təcrübəsi, qətiyyəti və idarəçilik bacarığı ilə tanınırdı. O, sovet dönəmində Azərbaycan SSR-ə rəhbərlik etmiş, daha sonra SSRİ rəhbərliyində yüksək vəzifə tutmuş, müstəqillik illərində isə Naxçıvanda sabitliyin qorunmasına nail olmuşdu.
1993-cü ilin iyununda ölkədə yaranmış kritik vəziyyət AXC-Müsavat hakimiyyətini çıxılmaz duruma saldı. Dövlətin süqutu təhlükəsi qarşısında qalan siyasi rəhbərlik sonda Heydər Əliyevdən kömək istədi. Xalqın təkidli tələbi və çağırışı ilə Heydər Əliyev Bakıya dəvət olundu.
1993-cü il 15 iyunda Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə faktiki olaraq ölkədə siyasi sabitliyə aparan yolun başlanğıcı oldu. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi qeyd edilməyə başlandı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı. Dövlət idarəçiliyində nizam-intizam bərpa edildi. Silahlı dəstələr tərksilah olunmağa başlandı. Separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğuna sistemli şəkildə start verildi. 1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə uzunmüddətli sabitliyin və inkişaf strategiyasının əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkənin enerji strategiyasını müəyyənləşdirdi və Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm aktora çevirdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbul olunması hüquqi dövlət quruculuğu istiqamətində mühüm addım oldu. Qanunvericilik bazası formalaşdırıldı, dövlət institutları gücləndirildi və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirildi.