Qərbi Azərbaycan İcmasının Qarakilsə Rayon İcmasında rayon şuralarının formalaşdırılması və sədr seçkiləri ilə bağlı ümumi yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan Qarakilsə Rayon İcmasının sədri, professor Nadir Qəhrəmanov rayon icmasının fəaliyyət istiqamətləri, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın tarixi irsinin qorunması və gələcək dövrdə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib. O, şuraların fəaliyyətinin rayon icmasının işinin daha səmərəli təşkilində mühüm rol oynadığını vurğulayaraq görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra kənd icma sədrləri çıxış edərək öz təkliflərini səsləndirib, rayon üzrə şuraların fəaliyyət istiqamətləri, yerli təşəbbüslərin dəstəklənməsi və icma üzvlərinin daha fəal iştirakının təmin olunması məsələləri müzakirə olunub. İclas zamanı şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qarakilsə Rayon İcmasının sədr müavini Aqif Baxşəliyev təşkilati məsələlər barədə məlumat verərək şura sədrliyi və müavinliyi vəzifələrinə namizədləri iştirakçılara təqdim edib.
Açıq səsvermənin nəticələrinə əsasən:
• Qarakilsə Rayon İcmasının Qadınlar Şurasının sədri – Səadət Məhərrəmova;
• Qarakilsə Rayon İcmasının Ağsaqqallar Şurasının sədri – Rəşad Mustafayev;
• Qarakilsə Rayon İcmasının Gənclər Şurasının sədri – Əlizadə Kənan seçiliblər.
Səsvermənin nəticələrinə görə namizədlər üstünlük təşkil edərək etimad qazanıblar. Xüsusilə qeyd olunub ki, Əlizadə Kənan ikinci dəfə yekdilliklə Qarakilsə Rayon İcmasının Gənclər Şurasının sədri seçilərək üzvlərin etimadını yenidən qazanıb.
İclasın sonunda yeni seçilmiş şura rəhbərləri çıxış edərək göstərilən etimada görə təşəkkürlərini bildirib, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, gənclərin, qadınların və ağsaqqalların ictimai fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal çalışacaqlarını qeyd ediblər.


